Ceyms Uord-Prouz 35 milyon avroya “Vest Hem”də!

Futbol üzrə İngiltərə millisinin və “Sauthempton”un mərkəz yarımmüdafiəçisi Ceyms Uord-Prouz “Vest Hem”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

28 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək. “Vest Hem” bu transfer üçün “Sauthempton”a 34,8 milyon avro təzminat ödəyib.

Ceyms Uord-Prouz “Sauthempton”un öz yetirməsidir. O, 2012-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Təcrübəli yarımmüdafiəçi bu il Premyer Liqanı tərk edən sözügedən komandada bütövlükdə 410 matça çıxıb, 55 qol vurub, 54 məhsuldar ötürmə müəllifi olub.

Uord-Prouz İngiltərə yığmasında da forma geyinir. O, 2017-ci ilin martında debüt etdiyi millidə 11 matça çıxıb, 2 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: