Nicat Abbasov: “Xalqımızın dəstəyi mənə stimul verir”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinala yüksələn Azərbaycan təmsilçisi Nicat Abbasov turnirin rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoş üzərində qazandığı qələbədən danışıb:

“Cavab oyununa adi qaydada hazırlaşmışdım. Xüsusi hazırlıq olmayıb. Oyun vaxtı konsentrasiyanı saxlamağa çalışırdım. Rəqib müəyyən səhvlər etdi, bu vəziyyət təşəbbüsü ələ almağıma şərait yaratdı. Nəticədə qalib gələrək mübarizəni davam etdirmək imkanı qazandım. Əlbəttə, turnirdən öncə bu qədər irəliləyəcəyimi gözləmirdim. Amma insanların dəstəyi, şahmat həvəskarlarının göstərdiyi diqqət mənə əlavə güc verir. Hamıya təşəkkür edirəm. Azərbaycan xalqının dəstəyini hiss edirəm. Möhtəşəm duyğudur. Bu dəstək mənə stimul verir. Yorulanda çıxışımla bağlı yazılan dəstək sözlərini oxuyuram, bir qədər dincəlmiş oluram”.

İstirahət günü barədə xüsusi planın olmadığını deyən Nicat Abbasov yarımfinal barədə də fikirlərini bildirib. Onun bu mərhələdəki rəqibi isə FİDE reytinqində birinci pillədə qərarlaşmış Maqnus Karslen olacaq: “Maqnus Karlsenlə klassik şahmat oynamamışam. Yoldaşlıq oyunları olub. Yəni rəsmi turnirlərdə klassik partiyada mübarizə aparmamışıq. Əlimdən gələni etməyə çalışacam. Ümid edirəm yaxşı olacaq”.

Qeyd edək ki, Dünya Kubokunda yarımfinal oyunları avqustun 19-da başlayacaq.

Bakıdakı Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq. Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: