Amil Həmzəyev “Gəncə” ilə vidalaşdı

Basketbol üzrə Azərbaycan millisinin liderlərindən olan Amil Həmzəyev ötən mövsüm formasını geyindiyi “Gəncə” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 33 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Həmzəyev müəyyən səbəblərə görə karyerasını paytaxtda davam etdirmək qərarına gəldiyini bildirib. Bu üzdən də təcrübəli oyunçu Gəncə təmsilçisi ilə vidalaşıb. O, nə vaxtsa yollarının yenidən kəsişəcəyinə inandığını vurğulayıb.

Xatırladaq ki, “Gəncə” ötən mövsüm Azərbaycan Basketbol Liqasında gümüş medal qazanıb, ölkə kubokunun isə qalibi olub.

Amil Həmzəyev əvvəllər də “Gəncə”də forma geyinib. O, karyerası ərzində “Azəri”, “Qala”, NTD, “Bakı” kimi klubların da uğurları üçün çalışıb.

Yeri gəlmişkən, “Gəncə” klubu da bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb. Klub Həmzəyevlə yanaşı, daha dörd oyunçunun komandadan getdiyini bəyan edib:

“2022/2023 mövsümündə “Gəncə”nin formasını geyinən Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Vuqar Məmişov, İslam Rzayev və Amil Həmzəyevlə yollarımızı ayırdığımızı azarkeşlərimizə bildiririk. Legioner oyunçulardan da Kollin Törner, Carred Smoll, Cordan Endryus və Ceylen Qaddi ilə yollar ayrılıb. “Gəncə” BK layiqli mübarizələrinə görə onların hər birinə təşəkkür edir, yeni mövsümdə uğurlar arzu edir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: