“Ferrari”nin sabiq pilotu Felipe Massanın vəkilləri Beynəlxalq Avtomobil Federasiyasını (FIA) və Formula 1-i məhkəməyə verməyə hazırdırlar.
Arena.az bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Massanın vəkilləri 2008-ci ildə müştərisinin titulunun əlindən alınmasına səbəb olması təxmin edilən sui-qəsd nəticəsində dəymiş ziyana görə təzminatın ödənilməsi məqsədilə, Formala 1-ə və Beynəlxalq Avtomobil Federasiyasına qarşı məhkəmə işini başlatmağa hazırlaşırlar.
İddiaçı tərəfin məktubunda bildirilib ki, hazırda 42 yaşlı braziliyalı ən yüksək səviyyədə fırıldaqçılıq nəticəsində titulundan məhrum edilib. O, on milyonlarla avro və müxtəlif məbləğdə əlavə mükafatlardan məhrum olub.
“Cənab Massa 2008-ci ilin qanuni çempionudur və Formula 1 və FIA onu bu tituldan məhrum edən qanunsuzluğa qəsdən məhəl qoymayıblar. Cənab Massa itkiləri tam qiymətləndirə bilmir, amma onun təxmininə görə itkilərin məbləği on milyonlarla avronu keçib. Ancaq bu məbləğ cənab Massanın məruz qaldığı ciddi mənəvi və ad-san itkilərini ödəmir”, – digər məsələrlə yanaşı, məktubun mətnində vurğulanıb.
Əgər 14 gün ərzində məktuba cavab verilməsə, vəkillər əlavə xəbərdarlıq etmədən məhkəməyə müraciət edərək, iş açacaqlar.
Xatırladaq ki, 2008-ci il mövsümünün finalında Massa titul uğrunda mübarizədə Braziliya qran-prisinin son dövrəsində təkər seçimində problem yaşayan Timo Qloku qabaqlaya bilmiş Lyuis Hamiltona uduzmuşdu. Bu, Lyuisin karyerasında ilk titul idi. Lyuis Hamilton Felipe Massanı cəmi bir xal qabaqlamışdı. Bir müddət əvvəl Formula 1-in sabiq prezidenti Berni Ekklstoun bəyan etmişdi ki, Massa bu çempionluğu qazanmalı idi. Həmin mövsüm Kiçik Nelson Pike Sinqapur qran-prisi zamanı qəsdən qəzaya uğramış və bu, komanda yoldaşı Fernando Alonsonun yürüşü qazanmasına kömək etmişdi. Məhz bu məqam nəticədə pilotların yekun sıralamasına təsir etmişdi.


