Dünya çempionatı: Gültəkin Şirinova bürünc medal qazandı

İordaniyanın paytaxtı Amman şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, yarışın 4-cü günündə son qadın güləşçimiz xalçaya çıxıb.

Gültəkin Şirinova (53 kq) almaniyalı Amori Aandrixə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Ancaq o, yarımfinalın bir addımlığında ukraynalı Mariya Yefremovaya “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şirinova təsəlliverici görüşə çıxıb. Gəncə güləş məktəbinin yetirməsi bolqarıstanlı Nikol Krumovaya heç bir şans tanımayıb – 10:0. Həlledici qarşılaşmada amerikalı Keti Qomeslə güləşən Gültəkin 9:4 hesablı qələbəylə dünya üçüncüsü olub.

Yeri gəlmişkən, bu gün yunan-Roma güləşçilərimiz də dünya çempionatınd amübarizəyə start veriblər.

Fərid Sadıxlı (55 kq) macarıstanlı Edmond Domokosa (8:0) və iordaniyalı Xalid Əhmədə (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimiz özbəkistanlı Əlişir Qəniyevlə gərgin keçən görüşdə də sevinən tərəf olub – 5:1. Sadıxlı yarımfinalda isə iranlı Əli Vəfanı ilk hissədə xalçadan məyus yola salıb – 9:0. Fərid sabah finalda qazaxıstanlı İsxar Kurbayevlə qarşılayacaq.

Fəraim Mustafayev (63 kq) təsnifat mərhələsində ermənistanlı Yurik Hoveyana xalların keyfiyyətinə görə (7:7) məğlub olub.

Davud Məmmədov (77 kq) debütdə gürcüstanlı Tornike Mikeladzeyə uduzub – 0:2.

Əli Quliyev (87 kq) 1/8 finalda fransalı Ali Maqamadova minimal fərqlə (8:9) məğlub olub.

Məzaim Mərdanov (130 kq) ilk mərhələdə misirli Fekri Eissaya müqavimət göstərə bilməyib – 0:9.

Avqustun 14-də start götürmüş dünya çempionatı ayın 20-də başa çatacaq. Azərbaycan yığmaları mundiala bütövlükdə 22 güləşçi ilə yollanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: