Noa Laylz 100 metr məsafəyə qaçışda dünya çempionu oldu

Amerikan yüngül atlet, üçqat dünya çempionu Noa Laylz Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanıb.

Arena.az dünya çempionatının qalibi və mükafatçılarının nəticələrini təqdim edir.

Noa Laylz kişilər arasında 100 metr məsafəyə qaçışda qalib gəlib. Finiş xəttinə çatmaq üçün amerikan atletə 9,83 saniyə gərək olub.
Gümüş medalı Botsvana təmsilçisi Letsil Teboqo qazanıb, afrikalı atlet 9,88 saniyə nəticə göstərib.

Bürünc medala dördqat Avropa çempionu britaniyalı Zarnel Hyuz sahib olub. Hyuz da Teboqonun 9,88 saniyəlik nəticəsini təkrarlasa da, daha dəqiq vaxtölçmə zamanı britaniyalı atletin afrikalı atletdən saniyənin mində birindən də az bir göstəricidə geri qaldığı təsdiqlənib.

Vurğulayaq ki, bu, Noa Laylz üçün 100 metr məsafəyə qaçışda dünya çempionatının ilk qızılıdır. İdmançı əvvəllər 2 dəfə 200 metr məsafəyə qaçışda, 1 dəfə isə 4×100 metr məsafəyə estafetdə qalib gəlib.

Yüngük atletika üzrə dünya çempionatı. Qaçış, 100 metr. Kişilər:

  1. Noa Laylz (ABŞ) – 9,83 saniyə;
  2. Letsil Teboqo (Botsvana) – 9,88 saniyə;
  3. Zarnel Hyuz (Böyük Britaniya) – 9,88 saniyə.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına avqustun 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: