“Red Bull”un baş məşqçisi Kristian Horner Maks Ferstappeni Formula 1-in çoxqat çempionları Alen Prost və Ayrton Senna ilə müqayisə edib.
Arena.az bu barədə “Racingnews365” portalına istinadən məlumat verir.
Xatırladaq ki, mövsümün əvvəlində Ferstappen yürüş qalibiyyətlərinin sayına görə Sennanı ötüb. O, hazırda Prosta çatmaq üçün (51 qələbə) cəmi altı qalibiyyətin astanasında dayanıb.
“Söhbət yürüşçülərə gəldikdə, müxtəlif nəsillərdən olan yürüşçüləri müqayisə etmək çox çətindir, amma Ayrton Senna və Alen Prost idmanın əfsanələridir. Düşünürəm ki, Ferstappen də tezliklə eyni siyahıya düşəcək”, deyə Kristian Horner inamla danışıb.
Formula 1 üzrə dünya çempionatının 2023-cü il mövsümünün geridə qalmış 12 mərhələsindən sonra Maks Ferstappen ən yaxın izləyicisi, komanda yoldaşı Serxio Peresi 125 xal qabaqlayır. O, sürücülərin şəxsi sıralamasında inamla liderlik edir.


