Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda bundan sonra bosniyalı Sergey Yakiroviçlə çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Xorvatiya çempionunun rəsmi saytı məlumat yayıb.
Belə ki, bu gün baş məşqçisi İqor Bişçanla yollarını ayıran Zaqreb təmsilçisi onu məhz Bosniya və Herseqovinadan olan Sergey Yakiroviçlə əvəzləyib. 46 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Sergey Yakiroviç “Dinamo”dan aldığı təklifə görə 2022-ci ilin noyabrından rəhbərlik etdiyi “Riyeka”dan ayrılmalı olub. Hansı ki, Xorvatiya klubu bu mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 27 oyundan 17 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətlə ayrılıb. Yakiroviç daha öncə “Zrinski”, “Maribor”, “Qoritsa” və “Sesvete” kimi klublarda da baş məşqçi kimi çalışıb.
Xatırladaq ki, “Dinamo”nun bu gün istefaya göndərdiyi İqor Bişçan bu il aprelin 6-da bu vəzifəyə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 16 matçın 9-da qələbə qazanıb, 5 dəfə məğlub olub və 2 dəfə heç-heçə edib.
Mahir Emreli isə “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 28 matça çıxıb, 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.


