DÇ: Üç təkanla tullanma üzrə qaliblər bəlli oldu

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında üç təkanla tullanma yarışları başa çatıb.

Arena.az xəbər verir ki, qızıl medalı burkinafasolu atlet Yuq Fabris Zanqo qazanıb.

Burkina-Faso təmsilçisi ən yaxşı cəhdində 17,64 metr məsafə göstəricisinə nail olub.

Gümüş medalı 17,41 metr nəticə ilə kubalı Lasaro Martines qazanıb. Bürünc medala da kubalı atlet, Kristian Atanay Napoles sahib olub. Napoles həmyerlisi Martinesə cəmi bircə santimetr uduzaraq, 17,40 metr nəticə göstərib.

Vurğulayaq ki, təsnifat mərhələsində ən yaxşı nəticəni (17,70 metr) göstərmiş yamaykalı atlet Ceydon Hibbert ilk cəhdindəcə zədələnərək, mübarizəni dayandırmalı olub.

Zanqo üçün bu, üç təkanla tullanma üzrə üçüncü dünya çempionatı medalıdır. Zanqo 2019-cu ildə bürünc, 2022-ci ildə gümüş medal qazanıb. O, həmçinin 18,07 metr nəticə ilə qapalı məkanda üç təkanla tullanma üzrə dünya rekordçusudur. Burkina-Faso üçün bu, yüngül atletika üzrə dünya çempionatları tarixində ilk qızıl medaldır.

Yüngül atletika üzrə dünya çempionatı. Üç təkanla tullanma. Kişilər:

  1. Yuq Fabris Zanqo (Burkina-Faso) – 17,64 metr;
  2. Lasaro Martines (Kuba) – 17,41;
  3. Kristian Atanay Napoles (Kuba) – 17,40.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: