Yüngül atletika: Riçardson dünya çempionu oldu!

Yüngül atletika üzrə Budapeştdə keçirilən dünya çempionatında qadınların 100 metr məsafəyə qaçışında medalçılar müəyyənləşib.

Arena.az xəbər verir ki, qızıl medalı 23 yaşlı amerikan atlet Şa’Karri Riçardson qazanıb.

Finalda Riçardson iki yamaykalı atleti – 2020-ci il olimpiya estafet çempionu Şerika Ceksonu və 100 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya çempionu, əfsanəvi Şelli-Enn Freyzer-Praysı üstələyib.

2023 Yüngül atletika üzrə dünya çempionatı. 100 metr məsafəyə qaçış. Qadınlar:

  1. Şa’Karri Riçardson (ABŞ) – 10,65 saniyə;
  2. Şerika Cekson (Yamayka) – 10,72 saniyə;
  3. Şelli-Enn Freyzer-Prays (Yamayka) – 10,77 saniyə.

Vurğulayaq ki, Riçardson dopinq testinin müsbət çıxması səbəbindən (marixuana izləri aşkar edilib) 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Olimpiya Oyunlarında iştirakdan məhrum edilmişdi. Riçardson həmin yarışda 100 və 200 metr məsafəyə qaçışda qalibiyyətə əsas namizəd idi. 2021-ci ilin avqustunda isə Riçardson yenidən böyük idmana qayıdıb.

Maraqlıdır ki, 1983-cü ildən bəri ilk dəfə qadınlar arasında 100 metr məsafəyə qaçışda dünya çempionatının final mərhələsinə 9 qız seçilib.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: