Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrundakı ilk oyunundan qələbə ilə ayrılıb.
Arena.az xəbər verir ki, 28 yaşlı qrosmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya qarşı bu gün keçirdiyi ilk görüşdə qalib gəlib.
Ağ fiqurlarla mübarizə aparan Nicat 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.
Qeyd edək ki, şahmatçılar avqustun 23-də ikinci dəfə üz-üzə gələcəklər. Dünya Kubokunda bürünc medal qazanmaq üçün Abbasova sabah heç-heçə də kifayət edəcək.
Xatırladaq ki, Nicat Abbasov Dünya Kubokunun yarımfinalında beşqat dünya çempionu, Norveç şahmatçısı Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzmuşdu. Fabiano Karuana isə yarımfinalda Rameşbabu Praqnanandhaya (Hindistan) məğlub olub – 2,5:3,5.
Yeri gəlmişkən, bu gün, həmçinin, finalın ilk oyunu baş tutub. Rameşbabu Praqnanandha (Hindistan) ağ fiqurlarla Maqnus Karlseni (Norveç) sınağa çəkib. Partiya 35-ci gedişdə heç-heçə başa çatıb.
Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.
Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.


