Maqnus Karlsen Dünya Kubokunu qazandı, Nicat Abbasov…

16-cı dünya çempionu – norveçli Maqnus Karlsen Bakıda keçirilən şahmat üzrə 2023-cü il Dünya Kubokunun qalibi olub.

Arena.az xəbər verir ki, turnirin final görüşündə norveçli qrosmeyter Hindistan şahmatçısı Rameşbabu Praqnanandha ilə üz-üzə gəlib.

Daha təcrübəli Karlsen tay-brekdə bir qələbə və bir heç-heçə ilə finalın taleyini həll edib. O, rəqibini 1,5:0,5 hesabı ilə məğlub edib. Bununla Maqnus Karlsen karyerasında ilk dəfə Dünya Kubokuna sahib çıxıb.

Final görüşündə klassik şahmat üzrə hər iki partiya heç-heçə başa çatmışdı. Beşqat dünya çempionu Karlsen karyerasında ilk dəfə şahmat üzrə Dünya Kubokunu qazanıb.

Xatırladaq ki, yarımfinalda Karlsen həmyerlimiz, qrosmeyster Nicat Abbasovu, Praqnanandha isə tay-brekdə amerikan qrossmeyster Fabiano Karuananı məğlub etmişdi.

3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abbasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb.

Abbasov karyerasında ilk dəfə Dünya Kubokunda 4-cü yeri tutub.

Qeyd edək ki, yarışda ilk üç yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanıb. Lakin Maqnus Karlsenin İddiaçılar Turnirində iştirakdan imtina etməsi Nicatın da bu turnirə yolunu açmış olur.

Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dolları idi. Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunmuşdu. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: