Yüngül atletika: Rocers çempion, Skidan 4-cü oldu!

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınlar arasında çəkicatma yarışları başa çatıb.

Arena.az xəbər verir ki, kanadalı Kamrin Rocers ən yaxşı cəhdində 77,22 metr nəticə göstərərək qızıl medal qazanıb.

Bu, 24 yaşlı Rocersin dünya çempionatlarında ilk qızıl medalıdır. Bir il əvvəl Rocers yarışın gümüş mükafatçısı olub. Buna qədər, 2018-ci ildə Rocers U-20 dünya çempionatının qalibi olub.

Cari dünya çempionatının çəkicatma yarışında gümüş medalı 76,36 metr nəticə ilə amerikan atlet Cani Kassanavoyd, bürünc medalı isə 75,41 metr nəticə ilə onun həmyerlisi Dianna Prays qazanıb.

2023 Dünya çempionatı. Çəkicatma. Qadınlar:

  1. Kamrin Rocers (Kanada) – 77,22 metr;
  2. Cani Kassanavoyd (ABŞ) – 76,36 metr;
  3. Dianna Prays (ABŞ) – 75,41 metr.

Yeri gəlmişkən, Azərbaycan milli komandasının üzvü Anna Skidan da çəkicatma üzrə final mərhələsində iştirak edib. Annanın yekun göstəricisi 74.18 metr olub. Bu nəticə ilə tarixi uğura çox yaxın olan atletimiz dünya çempionatında 4-cü yeri tutub. Xatırladaq ki, təsnifat mərhələsində 77.10 metr nəticə ilə yadda qalan Skidan Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyərək Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: