Belçikalı veloyürüşçü qəzaya düşərək öldü

Belçikalı veloyürüşçü Teyl de Deker məşq zamanı avtomobillə toqquşması nəticəsində aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Arena.az xəbər verir ki, bu barədə onun heyətində yer aldığı Belçikanın “Lotto Dstny” komandasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qəzadan sonra Liradakı xəstəxanaya yerləşdirilən 22 yaşlı idmançı təcili əməliyyat edilib. Daha sonra velosipedçi Antverpendəki universitet xəstəxanasına aparılıb, amma tibb müəssisəsinin həkimlərinin bütün səylərinə baxmayaraq, De Deker huşu özünə gəlmədən dünyasını dəyişib.

“Yürüşçümüzü itirdiyimiz üçün məyusuq. Teyl bu il ciddi irəliləyiş göstərmişdi və biz onun bacarığına inanırdıq. Peşəkar komandaya keçid məntiqli seçim idi. Təəssüf ki, o, heç vaxt peşəkar olmayacaq və biz onu həmişə istedadlı gənc yürüşçü və xoş, mehriban oğlan kimi xatırlayacağıq. Teylin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, deyə komandanın baş direktoru Stefan Elo təəssüflə bildirib.