Ötən həftəsonu Kaskavel Beynəlxalq Avtodromunda (Braziliya) keçirilmiş Moto1000GP sinfi üzrə yarışda faciə yaşanıb.
Arena.az xəbər verir ki, baş vermiş qəzada iki motoyürüşçü həyatını itirib.
Pilot Eriko Verissimo da Roşa idarəetməni itirərək yolda yıxılmış pilot Andre Verissimo Kardosonu trasda sürətli hərəkət səbəbindən diqqətdən qaçırıb və motosikleti ilə tam sürətdə ona çırpılıb. Ağır toqquşma nəticəsində Andre Verissimo Kardoso havaya uçub və bir neçə metr kənara sürüklənərək yol kənarına sərilib. Eriko Verissimo da Roşa da ağır zərbə alıb və yola sərilib.
Təxliyə heyəti pilot Eriko Verissimo da Roşanı ağır vəziyyətdə xəstəxanaya çatdırıb. 38 yaşlı idmançı xəstəxanada dünyasını dəyişib.
Toqquşmaya səbəb olan və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən digər pilot, 42 yaşlı Andre Verissimo Kardoso da aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Moto1000GP rəhbərliyi yürüş mərhələsinin ləğv edildiyini açıqlayaraq, həyatını itirmiş pilotların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


