Ümumdünya Badminton Federasiyası (BWF) Rusiya və Belarus idmançılarına beynəlxalq turnirlərdə neytral statusda çıxış etməyə icazə verib.
Arena.az xəbər verir ki, bu barədə avqustun 29-da qurumun mətbuat xidməti məlumat yayıb.
Rusiya və Belarus idmançıları 2024-cü il fevralın 26-dan etibarən Ümumdünya Badminton Federasiyasının bayrağı altında keçirilən turnirlərdə neytral statusda mübarizə apara biləcəklər.
“Bu, idman üçün mühüm qərardır. BWF Şurası idmançıların yarışlarda açıq iştirakı ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və dünya idman hərəkatının prinsiplərinə riayət edir.
Biz hesab edirik ki, fərdi neytral idmançı qismində iştirak meyarlarına cavab verən Rusiya və Belarus idmançıları üzərindən diskvalifikasiyanın aradan qaldırılması barədə qərar irəliyə doğru müsbət addımdır”, – deyə təşkilatın mətbuat xidməti Ümumdünya Badminton Federasiyasının rəhbəri Poul-Erik Höyerin sözlərini sitat gətirib.
İdmançılar 2023-cü ilin sentyabrında neytral status üçün müraciət edə biləcəklər. Bundan sonra federasiya idmançıların BOK-un tələblərinə uyğunluğunu yoxlayacaq. 2024-cü ilin əvvəlinə qədər beynəlxalq turnirlərdə mübarizə apara biləcək Rusiya və Belarus idmançılarının adları bəlli olacaq.


