Amerikan qrosmeyster Hans Nimann norveçli qrosmeyster Maqnus Karlsenlə münaqişədən sonra “Chess.com” saytında bərpasını şərh edib.
Arena.az məlumat verir ki, Nimann öz sosial şəbəkə hesabları üzərindən şahmat dünyasına səslənib:
“Salam, şahmat dünyası! Mənim üçün darıxırdınızmı? Mən şadam ki, Maqnus Karlsenə və “Chess.com”-a qarşı iddiam razılaşma yolu ilə həll edildi. Mən “Chess.com” saytına qayıdıram və Maqnus Karlsenlə məhkəmədə deyil, şahmat lövhəsi arxasında döyüşmək imkanını səbirsizliklə gözləyirəm. Mənə inanıb iddianı bağlamaqda köməklik göstərdikləri üçün vəkillərə minnətdaram.
Vurğulamaq istərdim ki, “Chess.com” saytında mənim haqqımdakı hesabat böhtan xarakterlidir. Mən onların iddialarına etiraz edirəm. Mən həmçinin demək istərdim ki: daha hansı maneələrlə qarşılaşmğım fərq etməz, məni “qara siyahı”ya göndərməyə, karyeramı alt-üst etməyə, ad-sanımı isə ləkələməyə nə qədər qüvvətlə cəhd etsələr də – bu çətin dövrlər mənim xasiyyətimi və əzmimi ancaq gücləndirdi.
Bütün bunlar məni ən zirvəyə qalxmağa ancaq daha da həvəsləndirdi. Gün gələcək, dünyda ən güclü mən olacağam. Şahmat oyunuma öz sözünü deməyə vaxt verməyin zamanı gəlib”, – Hans Nimann yazıb.
Xatırladaq ki, ötən il Karlsen Nimana məğlubiyyətindən sonra onu fırıldaqçılıqda ittiham etmiş, öz növbəsində Nimann sabiq dünya çempionuna qarşı müvafiq iddia qaldıraraq, şərəf və ləyaqətinin təhqir edilməsi səbəbilə norveçli qrosmeysterdən 100 milyon dollar məbləğində təzminat tələb etmişdi. Nəticədə “Chess.com” portalında hesabı ləğv edilmiş Nimann yaxın günlərdə elə, “Chess.com”-un araşdırmalarından sonra təmiz adının bərpasına nail olmuş, həmçinin qrosmeysterin həmin şahmat portalında hesabı bərpa edilərək sahibinə qaytarılmışdı. “Chess.com”-un vasitəçiliyi ilə Karlsenlə və Nimann arasındakı münaqişə öz həllini məhkəməsiz, qarşılıqlı razılaşma yolu ilə tapmışdı.


