“Qarabağ” Avroliqanın qrup mərhələsində!

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Lyublyana, Sloveniya) ilə cavab oyununa çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektivin bu rəqiblə həlledici oyunu Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

UEFA Çempionlar Liqası ilə vidalaşmış çempion rəqiblərin ilk görüşü Sloveniyanın paytaxtı Lyublyanada baş tutmuş və Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu üzdən Azərbaycan çempionuna mərhələ adlamaq üçün nəinki heç-heçə, hətta minimal fərqlə uduzmaq da bəs edirdi. Amma Qurbanovun yetirmələri həm klub, həm də ölkə reytinqinə faydalı olmağa, qələbə qazanmağa çalışıblar. Oyunda hesabı da Azərbaycan çempionu açıb. Amma qonaqlar buraxılan qolun əvəzini elə ilk hissədə çıxa biliblər. Oyunda başqa qol qeydə alınmayıb və heç-heçə Ağdam klubunu Avroliqanın qrupuna daşıyıb.

Xatırladaq ki, “köhlən atlar” daha əvvəl də avrokuboklarda bu komanda ilə üz-üzə gəlmişdi. Ağdamlılar 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Lyublyana təmsilçisini iki matçın nəticəsinə əsasən üstələmişdi – 1:0, 0:0.

Azərbaycan komandalarından artıq fəaliyyətini dayandırmış “Şəfa” da “Olimpiya” ilə qarşılaşmışdı. 2001/2002 mövsümündə UEFA Kubokunda (indiki Avropa Liqası) Sloveniya klubu hər iki oyunda darmadağınla qələbə qazanmışdı – 4:0, 3:0.

Cari avrokubok mövsümünə UEFA Çempionlar Liqasında başlamış “Olimpiya” Latviya “Valmiera”sı və Bolqarıstan “Ludoqorets”ini məğlub etsə də, 3-cü təsnifat mərhələsində Türkiyə təmsilçisi “Qalatasaray”a yenilmişdi. Azərbaycan çempionu isə Çempionlar Liqasının ilk təsnifat mərhələsində Cəbəllüttariq “Linkoln”una qalib gəlsə də, Polşa “Rakuv”unu keçə bilməmişdi. Azərbaycan təmsilçisi Avroliqanın 3-cü təsnifat mərhələsində də Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdırmışdı.

Avropa Liqası
Pley-offun cavab oyunu
31 avqust

“Qarabağ” – “Olimpiya” 1:1
Qollar: Toral Bayramov, 24-pen – Dioqo Pinto, 36.
Baş hakim: Alexandre Hernandes (İspaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov (18. Hamidu Keyta, 90), 6. Julio Romao, 8. Marko Yankoviç (20. Riçard Almeyda, 90), 7. Yassin Benzya (2. Mateus Silva, 82), 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 19. Redon Cica (18. Juninyo, 66).
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Andrey Lunyov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Olimpiya: 69. Matevj Vidovşek, 2. Jorj Silva (8. Yustas Lasiçkas, 77), 6. Mateo Karamatik, 10. Timi Elşnik (k), 14. Marsel Ratnik, 20. Nemanya Motika (21. İvan Posavets, 54), 23. Dioqo Pinto (17. Admir Bristriç, 77), 34. Aqustin Doffo, 37. Pedro Lukas (9. Mustafa Nukiç, 66), 43. Aylaj Krefl, 99. Rui Pedro (11. Saar Fedida, 66).
Ehtiyat oyunçular: 22. Denis Pintol, 31. Jan Mauritsio, 15. Marko Ristiç, 16. Ahmet Muhamedbeqoviç, 33. Nemanya Qavriç, 77. Aldin Yakupoviç.
Baş məşqçi: Joao Enrikes.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: