Coşqun Diniyev üçün yeni Mustafa

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev bundan sonra “Ümraniyəspor”da yeni baş məşqçi ilə çalışacaq.

Arena.az xəbər verir ki, Türkiyə 1-ci Liqasında mübarizə aparan bu komandada baş məşqçi dəyişikliyi qeydə alınıb.

Belə ki, Türkiyə klubunun rəhbərliyi mövsümə uğursuz start vermələri səbəbindən baş məşqçi Mustafa Er ilə yolları ayırmağa qərar verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Artıq komandanın yeni baş məşqçisi də açıqlanıb. “Ümraniyəspor” Mustafanı Mustafa ilə əvəzləyib. Belə ki, komandanı bundan sonra Mustafa Gürsel çalışdıracaq. 48 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Mustafa Gürsel daha öncə “Bandırmaspor”un da baş məşqçisi olub. 2021-2022-ci illər aralığında bu komandaya rəhbərlik etmiş türkiyəli məşqçi daha çox köməkçi kimi fəaliyyət göstərib.

Mustafa Er isə bu ilin aprel ayında “Ümraniyəspor”un baş məşqçisi təyin olunmuşdu. O, bu komandanı cəmi 11 oyuna çıxarıb. Futbolçumuzun komandası bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb.

Qeyd edək ki, TFF 1-ci Liqada 4 turdan sonra cəmi 2 xal toplamış “Ümraniyəspor” turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Coşqun Diniyev “Ümraniyəspor”a bu ilin iyul ayında azad agent kimi keçib və 1+1 illik müqaviləyə imza atıb. 27 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının 4 oyununun hamısında iştirak edib.

Karyerası ərzində “Qarabağ”, “Zirə”, “Sabah” və “Şamaxı”da da forma geyinmiş Diniyev Azərbaycan millisində 14 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: