DÇ-2026: Argentina seçmə mərhələyə qələbə ilə başladı

2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk gündə üç qarşılaşma baş tutub.

Əvvəlcə Paraqvay millisi evdə Peru ilə heç-heçə edib. İlk hissənin sonunda qonaq komandanın futbolçusu Luis Advinkula qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılsa da, bu, nəticəyə təsir göstərməyib.

Daha sonra Kolumbiya yığması doğma meydanda Venesuela ilə üz-üzə gəlib. Bu görüşdə isə meydan sahibləri minimal hesabla qalib gəliblər.

Günün son matçı Argentina və Ekvador milli komandaları arasında baş tutub. Oyun 1:0 hesabı ilə argentinalıların xeyrinə başa çatıb. Qarşılaşmada yeganə qolu Lionel Messi vurub.

Yeri gəlmişkən, Messi 9 ildən sonra ilk dəfə Argentina millisinin rəsmi oyununda sona qədər meydanda olmayıb. O, bu oyununun 89-cu dəqiqəsində əvəzlənib. Onun yerinə meydana Esekiel Palasios çıxıb. Təcrübəli forvard sonuncu dəfə 2014-cü ildə baş tutan dünya çempionatında Nigeriyaya 3:2 hesabı ilə qalib gəldikləri qrup oyununda dubl etdikdən sonra 63-cü dəqiqədə əvəzlənmişdi.

Qeyd edək ki, 36 yaşlı hücumçu millinin formasını geyindiyi 175 oyunda 103 qol vurub, 56 məhsuldar ötürmə edib. Messi 2022-ci ildə milli komandanın heyətində Qətərdə keçirilən Dünya Kubokunun qalibi olub, həmçinin bu turnirin ən yaxşı oyunçusu seçilib.

Argentina millisi də rekordunu yeniləyib. “Tanqoçular” dünya çempionatlarının seçmə mərhələlərində məğlubiyyətsizlik seriyasını 22 matça çatdırmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb. Cənubi Amerikada rekord ardıcıl 34 məğlubiyyətsiz görüşlə Braziliyaya məxsusdur. Dünya çempionatının seçmə mərhələlərində mütləq rekordçu isə İspaniyadır. “Buğalar” 1993-cü ildən 2021-ci ilə qədər ardıcıl 66 qarşılaşmada uduzmayıblar.

2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
8 sentyabr

Paraqvay – Peru 0:0

Kolumbiya – Venesuela 1:0
Qol: Borre, 46.

Argentina – Ekvador 1:0
Qol: Messi, 78.

9 sentyabr

03:00. Uruqvay – Çili
04:45. Braziliya – Boliviya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: