Helmut Marko qəbahətinə görə iki dəfə üzr istədi

“Red Bull”un 80 yaşlı müşaviri Helmut Marko yol verdiyi yanlışlığa görə açıqlama verib və hər iki halda üzr istəyib.

Arena.az xəbər verir ki, Helmut Marko “Red Bull”un meksikalı pilotu Serxio Peresə münasibətdə işlətdiyi yolverilməz və tənqidlərə tuş gəlmiş ifadəyə açıqlama verib və üzr istəyib.

Xatırladaq ki, avstriyalı mütəxəssis Peresin yürüşdə diqqətini cəmləmək baxımından problemləri olmasını, pilotun latınamerikanəsilli olması ilə əlaqələndirmişdi. O, bu yolverilməz ifadəsi müqabilində hətta irqçilikdə ittiham edilmişdi.

“Mən bunu nəzərdə tutmurdum. Demək istəmişdim ki, meksikalıların mentaliteti almanların və ya danimarkalıların mentalitetindən fərqlidir. Kim bilir, bəlkə də o, (Serxio Peres – redaktorun qeydi) özünü idarə etməyi bacarır”, deyə Marko açıqlayıb və qəbahətinə görə üzrxahlıq edib.

Daha sonra qocaman müşavir yol verdiyi qəbahətə görə yenidən, təkrarən üzr istəməyi düzgün bilib. Çünki Markonun daha əvvəlki üzrxahlıq açıqlaması da birmənalı qarşılanmayıb. Belə ki, Markonun avropalılarla meksikalılar arasında mentalitet fərqinə dair müvafiq fikri, avtoidman həvəskarları, azarkeşlər və incik kütlə tərəfindən bütöv bir xalqın pis stereotip baxımından təqdim edilməsi kimi qəbul edilib.

Helmut Marko bu dəfə daha diqqətli olub:

“Serxio Peres haqqında söylədiyimə gəlincə, təhqiramiz ifadəmə görə üzr istəmək istərdim və tamamilə aydın surətdə bildirmək istərdim ki, bizim hər hansı ölkədən, hər hansı irqdən və etnik qrupdan olan insanlar haqqında ümumiləşdirmə aparmağa haqqımız olmadığını hesab edirəm.

Mən vurğulamağa çalışdım ki, Serxionun çıxışları bu il dəyişib, amma bunu onun mədəni irsi ilə əlaqələndirmək düzgün deyildi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: