“Sabah” “Radniçki”yə də uduzdu

Serbiyada təlim-məşq toplanışında olan basketbol üzrə Azərbaycan çempionu “Sabah” hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, komandamızın FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində növbəti rəqibi Serbiyanın “Radniçki” klubu olub.

Belqrada, “Srvena Zvezda”nın təlim-məşq bazasında keçirilən görüş gərginliyi ilə diqqət çəkib. Serbiyanın yüksək liqa təmsilçisi yekunda 82:81 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Azərbaycan çempionu ilk yoxlama oyununda Serbiyanın digər komandası “Vrsaç”a 57:62 hesabı ilə məğlub olmuşdu.

“Sabah” Serbiyada yerli klublarla daha dörd yoxlama oyunu keçirəcək:

13 sentyabr. “OKK Belqrad” (Serbiya)
15 sentyabr. “Boraç Zemun” (Serbiya)
16 sentyabr. “Srvena Zvezda 2” (Serbiya)
17 sentyabr. “Zlatibor” (Serbiya)

“Sabah” bu mövsüm 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək. Komandamız FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsində mübarizə aparacaq. A qrupunda qərarlaşan Azərbaycan çempionu “Donar” (Qroningen, Niderland), “Rapid” (Buxarest, Rumıniya) və “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə qarşılaşacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: