İtaliya nəhəngi “Yuventus”un hüquqlarına sahib olan Anyelli sahibkarlar ailəsi “qoca sinyora”nı satışa çıxarmaq qərarına gəlib.
Arena.az “Il Giornale” nəşrinə istinadən məlumat verir ki, Anyellilər hazırda potensial alıcılar axtarışına üz tutublar.
Mənbənin məlumatına görə, hazırda klubun satılması çətin addım hesab edilsə də, artıq mümkünsüz deyil. Vurğulanır ki, bazar dəyəri 800 milyon avro məbləğində olan “Yuventus”u 1,5 milyard avro məbləğə satmaq mümkündür. Anyelli ailəsi yüz ildir “Yuventus”a sahibdir. 2022-ci ilin noyabrında Turin klubunun prezidenti Andrea Anyelli maliyyə fırıldaqları ilə bağlı istintaq mənzərəsində istefa verib.
Andrea Anyelli 2010-cu ildən kluba rəhbərlik edirdi.
Xatırladaq ki, “Yuventus” ötən mövsüm A Seriyasını 62 xalla 7-ci yerdə tamamlayıb. Maliyyə məsələlərində yol verdiyi pozuntular və fırıldaqlara görə “qoca sinyora” A Seriyasında 10 xaldan məhrum edilib. Bununla yanaşı, komanda cari mövsümdə avrokuboklarda iştirakdan kənarlaşdırılıb.


