Zinçenko və Rays “Arsenal”a keçidin təfərrüatını paylaşıblar

“Arsenal”ın futbolçuları – Aleksandr Zinçenko və Deklan Rays “topçular”ın heyətinə keçmələri barədə təfərrüatları paylaşıblar.

Arena.az hər iki “topçu”nun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

Ukraynalı sol cinah müdafiəçisi Aleksandr Zinçenko xatırlayır ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta və komandanın braziliyalı hücumçusu Qabriel Jezus, müdafiəçi hələ “topçular”a qoşulmamışdan əvvəl onun evinə buyurublar:

“Mikel baş direktorla evimə gəlmişdi. Bizim, klub layihəsi, strukturu, meydandakı mövqeyim və yerdə qalanlarla bağlı söhbətimiz oldu. Hava yaxşı olduğundan həyətdə oturmuşduq, birdən kimsə qapının zəngini çaldı. Mən dedim: “Bağışlayın uşaqlar. Açmaq lazımdır, bəlkə çapar və ya başqası gəlib”. Onun arxasında isə Qabriel Jezus dayanmışdı. Mən isə belə: “bu zarafatdır?” məxfi xəfiyyə mənim evimə gəlib?”, – “Yardbarker” Zinçenkodan sitat gətirir.

Zinçenko “Arsenal”a 2022-ci ilin iyulunda “Mançester Siti”dən keçib. Ukraynalı müdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Zinçenko “Arsenal”ın heyətində 3 oyuna çıxıb və hələ ki məhsuldar fəaliyyəti ilə fərqlənməyib.

Zinçenko 2015-ci ilin oktyabr ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 54 oyun keçirib, 9 qol vurub, 4 məhsuldar ötürmə verib.

İngiltərə yığmasının dayaq yarımmüfafiəçisi Deklan Raysi isə son yay transfer pəncərəsində yeni klub seçiminin prinsiplərindən danışıb. İngilis futbolçunun sözlərinə görə, o, “Arsenal”a keçmək qərarını məhz “topçular”ın ispan baş məşqçisi Mikel Artetaya görə verib:

“Arteta mənim yeni klub seçməyimdə əsas amil oldu. Onunla tanış olduğum anda onun karyeramın sonrasında birlikdə işləmək istədiyim biri olduğunu anladım. Onun danışıq tərzi, aurası, oyuna baxış tərzi – bu, sadəcə, fantastikdir.

“Arsenal”da özümü evdəki kimi hiss edirəm. Düzgün qərar verdiyim üçün çox şadam”, – jurnalist Fabrisio Romano Raysdan sitat gətirir.

Rays “Arsenal”a 2023-cü ilin iyulunda “Vest Hem”dən keçib. İngilis “dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rays “Arsenal”ın heyətində 5 oyuna çıxıb və 1 qol vurub.

Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 44 oyuna çıxıb, 3 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: