Türkiyənin “Trabzonspor” klubu heyətini 4 yeni futbolçu – Nikolas Pepe, Pol Onuaçu, Batista Mendi və Berat Özdəmirlə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Nikolas Pepe İngiltərə nəhəngi “Arsenal”dan azad agent kimi ayrılaraq Trabzon təmsilçisinə keçib. 28 yaşlı sağ cinah vingeri Türkiyə klubu ilə 1 illik müqavilə bağlayıb. “Topçular”ın heyətində 112 oyuna 27 qol vurub, 21 məhsuldar etmiş futbolçu “Lill”, “Anje”, “Orlean” və “Nitsa”da da çıxış edib. O, Fil Dişi Sahili yığmasında da 37 oyun keçirib, 10 qol vurub.
Pol Onuaçu İngiltərənin digər klubu “Sauthempton”dan icarə əsasında “Trabzonspor”a keçib. 29 yaşlı nigeriyalı forvard da bu mövsümün sonuna kimi Türkiyə klubunun uğurları üçün çalışacaq. Karyerası ərzində “Midtyulland”, “Genk” və “Vayle”də də oynamış hücumçu Nigeriya yığmasında 19 oyuna çıxıb, 3 qol vurub.
Berat Özdəmir də Səudiyyə Ərəbistanı “Əl-İttifaq”ından icarəyə götürülüb. 25 yaşlı futbolçu da bu mövsümün sonuna kimi “Trabzonspor”un formasını geyinəcək. O, “Əl-İttifaq”a 2022-ci ilin avqustunda məhz Trabzon klubundan keçmişdi. Türkiyə millisində də 1 oyun keçirmiş dayaq yarımmüdafiəçisi “Gənclərbirliyi” və “Hacettepe” klublarında da oynayıb.
Batista Mendi isə Fransanın “Anje” klubundan 4,4 milyon avroya transfer olunub. 23 yaşlı dayaq yarımmüdafiəçisi ilə 4+1 illik müqavilə imzalanıb. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu daha öncə yetirməsi olduğu “Nant”ın formasını geyinib.
“Trabzonspor” iki futbolçusu ilə də yollarını ayırıb. Djanini Semedo Səudiyyə Ərəbistanının “Əl-Fateh” klubuna satılıb. Trabzonlular 32 yaşlı forvardın satışından 1.01 milyon avro qazanıblar. Kabo Verde yığmasının üzvü yeni klubu ilə 1 illik müqavilə bağlayıb. Djanini “Əl-Əhli”, “Santos Laquna”, “Nasional”, “Olhanense”, “Unian Leyriya”, “Əl-Şarcah” kimi klublarda da forma geyinib.
Türkiyəli dayaq yarımmüdafiəçisi Doğucan Haspolat da Belçikanın “Vesterlo” klubuna satıb. Türkiyə təmsilçisi bu satışdan da 600 min avro qazanıb. 23 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. Yarımmüdafiəçi “Trabzonspor”dan öncə “Kasımpaşa” və “Ekselsior”da da oynayıb.
“Arsenal” Marselonu da satdı
Yeri gəlmişkən, Pepeni “Trabzonspor”a buraxan “Arsenal” meksikalı hücumameyilli yarımmüdafiəçisi Marselo Floresi də “Tiqres UANL” klubuna satıb. Londonlular bu satışdan 815 min avro qazanıblar. Flores Meksika klubu ilə 2 illik sözləşmə imzalayıb.
“Arsenal”ın öz yetirməsi olsa da, “topçular”ın əsas komandasında debüt şansı qazanmayan 19 yaşlı futbolçu ötən mövsüm icarə əsasında “Real Ovyedo”da çıxış edib. O, Meksika yığmasında da 3 oyuna çıxıb.


