Morten Hyulmand satıldı, “Leççe” 19 milyon avro qazandı

Futbol üzrə Danimarka yığmasının və “Leççe”nin dayaq yarımmüdafiəçisi Morten Hyulmand Lissabon “Sportinq”inə keçib.

Arena.az xəbər verir ki, Portuqaliya klubu 24 yaşlı futbolçunu 18 milyon avro qarşılığında heyətinə qatıb. Onunla 5 illik müqavilə imzalanıb.

Morten Hyulmand “Leççe”yə 2021-ci ilin fevralında “Admira Vakker” klubundan 2,5 milyon avro qarşılığında keçmişdi. “Kopenhagen”in yetirməsi olan futbolçu Danimarka yığmasında da 1 oyun keçirib.

“Leççe”nin qambiyalı hücumçusu Assan Sisey Səudiyyə Ərəbistanının “Damak” klubuna keçib. 29 yaşlı forvard yeni klubu ilə 3 illik müqavilə bağlayıb. İtaliya klubu onun satışından 2,8 milyon avro qazanıb. Sisey daha öncə “Osnabrük”, “Sürix”, “Kyasso”, “Luqano” kimi klublarda da oynayıb. O, Qambiya yığmasında 36 oyuna 13 qol vurub.

İtaliyalı sol cinah vingeri Federiko Di Françesko “Palermo”ya keçib. Klub 29 yaşlı futbolçunun satışından 1,3 milyon avro qazanıb. O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Di Françesko daha öncə “Empoli”, SPAL, “Sassuolo”, “Bolonya”, “Virtus lansano”, “Kremoneze”, “Peskara”, “Qubbio” və “Parma”da da forma geyinib.

“Leççe”nin İsveçdən olan mərkəz yarımmüdafiəçisi Yon Byörkenqren də “Randers”ə keçib. Danimarka klubu 300 min avroya aldığı 24 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Byörkenqren karyerası ərzində “Breşiya” və “Falkenberq”in də uğurları üçün çalışıb.

“Leççe”nin üç futbolçusu da icarəyə göndərilib. 20 yaşlı isveçli hücumçu Joel Persson Niderlandın “Vitess” klubuna keçib. 22 yaşlı ispan hücumçu Pablo Rodriqes “Askoli” ilə anlaşıb. 22 yaşlı island yarımmüdafiəçi Torir Helqason isə “Braunşveyq”də oynayacaq. Onların icarə müddəti bu mövsümün sonuna kimi nəzərdə tutulub.

“Leççe”də beş yeni futbolçu

“Leççe” heyətinə yeni oyunçular da cəlb edib. İtaliya klubu ötən mövsüm “Bordo”dan icarəyə götürdüyü Remi Udenin transfer hüquqlarını alıb. Bunun üçün 1 milyon avrosundan keçən A Seriyası təmsilçisi onunla 3 illik müqavilə bağlayıb. Uden “Bordo”dan öncə “Reyms”də də forma geyinib.

Şotlandiyanın “Aberdin” klubunun dayaq yarımmüdafiəçisi Yulber Ramadani də “Leççe”yə keçib. Transferi 1,2 milyon avroya başa gələn 27 yaşlı alban futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Albaniya yığmasında 25 oyuna 1 qol vurmuş futbolçu “Budapeşt”, “Vayle”, “Partizani”, “Drita”, “Priştina” kimi klublarda da oynayıb.

Monteneqro yığmasının hücumçusu Nikola Krstoviç də bundan sonra “Leççe”nin uğurları üçün çalışacaq. “Dunayska Streda”dan 3,8 milyon avroya alınan 23 yaşlı forvardla 4+1 illik müqavilə imzalanıb. “Zeta” və “Srvena Zvezda”da da oynamış hücumçu Monteneqro yığmasında 5 oyuna 1 qol vurub.

“Leççe” Fransanın “Valensyen” klubunun mərkəz yarımmüdafiəçisi Məhəmməd Kabanı da transfer edib. 21 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. İtaliya klubu onun keçidi üçün 3 milyon avro ödəyib. Kaba bu vaxta qədər yalnız “Valensyen”in uğurları üçün çalışıb.

İtaliyalı hücumçu Nikola Sansone də azad agent kimi “Leççe”yə keçib. 32 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. Almaniya vətəndaşlığı da olan Sansone “Bayern”in yetirməsidir. O, karyerası ərzində “Parma”, “Krotone”, “Sassuolo”, “Vilyarreal” və “Bolonya”da da forma geyinib. Nikola vaxtilə İtaliya yığmasında da 3 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: