Xavi: “Məni ki belə söyürsünüz, mən isə “The Best”dəyəm”

İspaniya çempionu “Barselona”nın baş məşqçisi Xavi ilin məşqçisi mükafatına iddialılar siyahısına salınması ilə bağlı zarafat edib.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir:

“Gülməlidir. Siz məni bu qədər söyürsünüz – mən isə birdən “The Best”dəyəm! Bu heyranedicidir. Lap lətifəyə bənzəyir.

Bu, komandanın ləyaqətidir, mən buna böyük əhəmiyyət vermirəm. Özüm oynayanda, mən də əhəmiyyət vermirdim. Məsələ ondadır ki, kollektiv uğur əsasdır. Burada əsas qəhrəmanlar futbolçulardır.

Mən buna çox əhəmiyyət vermirəm, amma bəzən bu, mənə gülməli gəlir”, deyə ispan mütəxəssis vurğulayıb.

Xatırladaq ki, Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Gənc mütəxəssis bu vəzifəyə təcrübəli holland çalışdırıcı Ronald Kumanın yerinə gətirilib.

Bu müddətdə Xavi “Barselona”nı dirçəldərək rəqabətəqadir kollektiv təşkil edə bilib. O, geridə qalmış 2022/2023 mövsümündə İspaniya La Liqasını və həlledici oyunda kataloniyalıların əzəli rəqibi “Real”ı 3:1 hesabı ilə məğlub edərək, İspaniya Super Kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: