Dünya çempionatı: Xaniyev üçün bürünc medal şansı

Bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı start götürüb. Arena.az xəbər verir ki, ilk yarış günündə 61, 70, 86 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıb.

Azərbaycan güləşçilərindən də dördü ilk yarış günündə mübarizəyə qoşulub. İntiqam Vəlizadə (61 kq) ilk mərhələdə koreyalı Hyeonsik Sonqa 5:2 hesabıyla qalib gəlib. Lakin o, 1/8 finalda qırğızıstanlı Tahirbek Jumaşbekə “tuş”la uduzub.

Maqomed-Başir Xaniyev (70 kq) debütdə qazaxıstanlı Sanjar Dojanov üzərində inamlı qələbə qazanıb – 9:2. Ancaq 1/8 finalda iranlı Babək Yazdaniçerati ilə bacarmayıb – 0:6. Rəqib finala yüksəldiyi üçün Xaniyev sabah təsəlliverici görüşdə polşalı Patrik Olenşinlə güləşəcək.

Abubakr Abakarov (86 kq) startda kanadalı Aleksandr Muranı tam üstünlüklə (12:2) mübarizədən kənarlaşdırıb. Ancaq 1/8 finalda fransalı Raxim Maqamadovla görüşdə hesabda öndə olarkən dizindən aldığı zədə qarşılaşmanı sonadək davam etdirməyə imkan verməyib. Nəticədə Abakarov yarışı tərk etmək məcburiyyətində qalıb.

Georgi Meşvildişvili (125 kq) təsnifat mərhələsində bolqarıstanlı İslam Adizovu vaxtından əvvəl məyus edib – 10:0. Meşvildişvili 1/8 finalda türkiyəli olimpiya, dünya və Avropa çempionu Taha Akgülə 0:2 hesabıyla məğlub olub.

Xatırladaq ki, Belqraddakı dünya çempionatı sentyabrın 24-nə qədər davam edəcək. Azərbaycan yığmaları mundiala 26 güləşçi ilə yollanıb. l-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev də mundialda ədaləti qoruyanlar arasında yer alıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: