Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunmuş ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) mübarizə aparır.
Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Körpücük üzərinə son olaraq Dadaş Dadaşbəyli çıxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırma hərəkətində 180 kq-ı ram edib və bu hərəkətdə dünya çempionatının bürünc medalını qazanıb.
Dadaş təkanla qaldırma hərəkətində 223 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə dünya çempionatının bürünc medalçısı olub.
Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli, dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.
Xatırladaq ki, əvvəlki günlərdə millimizin üzvlərindən Nazilə İsmayılova (49 kq), Günel Vəliyeva (76 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) də DÇ-də qüvvəsini sınamışdı. Lakin onların hamısı mundialı medalsız başa vurmuşdu. Yığmamız bu yarışa bütövlükdə 6 atletlə qatılmışdı.
Sonda onu da qeyd edək ki, sonuncu dəfə dünya çempionatında medalı (qızıl) 2015-ci ildə Boyanka Kostova, kişilərdə isə 2011-ci ildə Valentin Xristov (bürünc) qazanmışdı.
Sentyabrın 4-də başlamış Ər-Riyaddakı dünya çempionatı ayın 17-də yekunlaşacaq.


