Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Xorvatiya çempionatının 8-ci turu çərçivəsində “Slaven Belupo” ilə qarşılaşıb.
Doğma meydanda baş tutan bu oyun Zaqreb təmsilçisinin qələbəsi ilə başa çatıb – 3:0.
Mahir bu matça ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı futbolçu fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 2 qol və 1 assist müəllifi olan Emreli bu dəfə fərqlənə bilməyib.
Son Xorvatiya çempionu olan “Dinamo” 8 turdan sonra 13 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 33 matça çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.


