“Mançester Yunayted” 2022-ci ildə Antonini satın alarkən braziliyalının qanunla bağlı problemlərindən xəbəri olmayıb.
Arena.az “The Telegraph”a istnadən məlumat verir ki, Mançester klubu həmin ilin mayında hüquq fakültəsinin tələbəsi Raysa De Freytasın hücumla bağlı Antonidən polisə şikayət etdiyini və bundan sonra müvafiq protokol tərtib edildiyindən xəbərsiz olub.
“Mançester Yunayted” nümayəndələrinin sözlərinə görə, müqavilə bağlamazdan əvvəl klub bütün transferlərdə olduğu kimi, Anthoninin tərcümeyi-halını yoxlayıb, lakin şübhəli heç nə aşkar etməyib. “Qırmızı şeytanlar” De Freytasla xoşagəlməz əhvalat barədə yalnız 2023-cü ilin sentyabrında mətbuatdan xəbər tutublar.
Eyni zamanda, mənbə yazır ki, Raysa De Freytas artıq, iddia ərizəsini geri götürüb. Hazırda bu məlumatın düzgünlüyü yoxlanılır.
Xatırladaq ki, sentyabrın 10-da “Mançester Yunayted” məişət və cinsi zorakılıqda ittiham edilən hücumçusu Antonini növbəti xəbərdarlığa qədər komanda ilə məşqlərdən uzaqlaşdırmışdı. Daha əvvəl futbolçunun keçmiş sevgilisi Qabriela Kavallin “qırmızı şeytanlar”ın futbolçusunun məişət zorakılığı ilə bağlı əməllərindən danışaraq, onu müvafiq məsələdə ittiham etmişdi. Sonradan məlum olub ki, Antoniyə qarşı yeni ittihamlar irəli sürülüb. Britaniya mətbuatının məlumatına görə, daha iki qadın futbolçunu hücumda ittiham edib. Antoni ittihamları təkzib edərək, özünü qurban olduğu və həqiqəti sübut edəcəyini bildirib və qadınlardan biri ilə yazışmaları dərc etdirərək, məsələnin məhkəmə ilə həll ediləcəyini bəyan edib.
Ardınca isə “Mançester Yunayted” braziliyalı vingeri Antonini İngiltərə Premyer Liqasının 2023/2024 mövsümü üçün yekun heyətinə daxil edib.


