Dünya çempionatı: İlk 4 güləşçimizin çıxışı uğursuz oldu

Ötən gün Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı start götürmüşdü. Arena.az xəbər verir ki, ilk yarış günündə 61, 70, 86 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparmışdılar.

Azərbaycan güləşçilərindən də dördü ilk yarış günündə mübarizəyə qoşulub. Onlardan yalnız biri medal qazanmaq şansı əldə etsə də, bu gün o şansı da boşa verib.

Belə ki, Maqomed-Başir Xaniyev (70 kq) debütdə qazaxıstanlı Sanjar Dojanov üzərində inamlı qələbə qazanmışdı – 9:2. Ancaq o, 1/8 finalda iranlı Babək Yazdaniçerati ilə bacarmamışdı – 0:6. Rəqib finala yüksəldiyi üçün Xaniyev bu gün təsəlliverici görüşdə polşalı Patrik Olenşinlə güləşüb. Qarşılaşma rəqibin 13:10 hesablı üstünlüyü ilə başa çatıb. Nəticədə Xaniyevin “bürünc” arzusu da gerçəkləşməyib.

İntiqam Vəlizadə (61 kq) ilk mərhələdə koreyalı Hyeonsik Sonqa 5:2 hesabıyla qalib gəlsə də, o, 1/8 finalda qırğızıstanlı Tahirbek Jumaşbekə “tuş”la uduzmuşdu.

Abubakr Abakarov (86 kq) startda kanadalı Aleksandr Muranı tam üstünlüklə (12:2) mübarizədən kənarlaşdırmışdı. Ancaq 1/8 finalda fransalı Raxim Maqamadovla görüşdə hesabda öndə olarkən dizindən aldığı zədə qarşılaşmanı sonadək davam etdirməyə imkan verməmişdi. Nəticədə Abakarov yarışı tərk etmək məcburiyyətində qalmışdı.

Georgi Meşvildişvili (125 kq) təsnifat mərhələsində bolqarıstanlı İslam Adizovu vaxtından əvvəl məyus etmişdi – 10:0. Meşvildişvili 1/8 finalda türkiyəli olimpiya, dünya və Avropa çempionu Taha Akgülə 0:2 hesabıyla məğlub olmuşdu.

Xatırladaq ki, Belqraddakı dünya çempionatı sentyabrın 24-nə qədər davam edəcək. Azərbaycan yığmaları mundiala 26 güləşçi ilə yollanıb. l-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev də mundialda ədaləti qoruyanlar arasında yer alıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: