Dünya çempionatı: Osman Belqradda finala yüksəldi

Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, ikinci yarış günündə 57, 74, 79 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Əliabbas Rzazadə (57 kq) amerikalı Zeyn Riçardsa 3:2 hesabıyla qalib gəlsə də, iranlı Milad Vəlizadəyə məğlub olub – 4:8.

Turan Bayramov (74 kq) Bəhreyn təmsilçisi Maqomedrasul Asluyev (10:0) və qırğızıstanlı Arsalan Budajapovu (tuş) tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda türkiyəli Soner Demirtaşla gərgin keçən qarşılaşmadan minimalhesablı (5:4) üstünlüklə ayrılaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı olimpiya və 2 qat dünya çempionu Zaurbek Sidakovla bacarmayan (1:5) Bayramov sabah bürünc medal uğrunda güləşəcək.

Orxan Abbasov (79 kq) debütdə iranlı İman Mahdavini məyus edib – 6:3. Abbasov daha sonra ermənistanlı Arman Avaqyana “tuş”la qalib gələrək 1/4 finala yüksəlib. Orxan amerikalı Çandler Marstellerə də gücünü göstərərək 9:3 hesablı qələbəylə adını yarımfinala yazdırıb. Ancaq o, debütant rusiyalı Axmed Usmanova 0:3 hesabıyla məğlub olub və ümidini bürünc medala bağlayıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurmaqomedov (92 kq) ukraynalı Denis Sahalyuk (10:0) üzərində inamlı qələbənin ardınca amerikalı Zahid Valensiyadan güclü olub – 5:1. Təmsilçimiz yarımfinalda yaponiyalı Araş Yoşidaya da heç bir şans tanımayıb – 10:0. Nurmaqomedov həlledici görüşdə qazaxıstanlı Rizabek Aitmuxanla qarşılaşacaq.

Xatırladaq ki, Belqraddakı dünya çempionatı sentyabrın 24-nə qədər davam edəcək. Azərbaycan yığmaları mundiala 26 güləşçi ilə yollanıb. l-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev də mundialda ədaləti qoruyanlar arasında yer alıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: