“Mançester Yunayted”in İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində “Brayton”a evdə 1:3 hesablı məğlubiyyəti gündəm olub.
Arena.az xəbər verir ki, komanda, eləcə də klub tənqid hədəfindədir.
Xatırladaq ki, “qırmızı şeytanlar” 1989-cu ildən bəri İngiltərə çempionatında ən pis başlanğıc silsiləsi göstərib. Erik ten Haqın yetirmələri Premyer Liqa mövsümünün ilk beş oyunundan üçündə məğlub olublar. Bu, klubun 1989/1990 mövsümündən bəri ən pis nəticəsidir. Həmin mövsümdə MY 13-cü yeri tutmuşdu.
Özünün iti dili ilə məşhur olan tanınmış jurnalist Pirs Morqan “qırmızı şeytanlar”ın “qağayılar”a məğlubiyyətindən sanki həzz alırmış kimi “Twitter” hesabı üzərindən tənqidi çıxışını paylaşıb:
“Yazıq “Mançester Yunayted” evdə “Brayton” tərəfindən sındırıldı. Kimsə Kristiano Ronaldonun kluba və Erik ten Haqa dair yüz faiz haqlı olduğuna şübhə edir? O gedəndən sonra daha da pisləşdilər”, – Morqan, Kristiano Ronaldonun Ten Haqa necə hörmət etmədiyinə dair sitatı olan bir şəkil də əlavə edərək odun üzərinə yağ töküb.
Morqan artıq neçənci dəfədir “Mançester Yunayted”in uğursuzluğu müqabilində “qırmızı şeytanlar”a sataşır və bunu bir ənənəyə çevirib.
Vurğulayaq ki, Pirs Morqan “Arsenal”ın köhnə və sadiq azarkeşidir. Hazırda ABŞ-da çalışan jurnalist uzun illər “Britain’s Got Talent” və “America’s Got Talent” televiziya layihələrində münsif olub. 2014-2021-ci illərdə Süzanna Ridlə birlikdə “Good Morning Britain” verilişinin əsas aparıcısı olub. Morqan Böyük Britaniyada “The Sun”, “News of the World” və “The Daily Mirror” nəşrlərində jurnalist və redaktor kimi çalışıb. O, səkkiz kitab, o cümlədən üç cildlik memuarın müəllifidir.
Morqan “Mançester Yunayted”də baş verənləri tənqid edib “qırmızı şeytanlar”dan ayrılmış Kristiano Ronaldo ilə keçən il qalmaqala səbəb olmuş müsahibə aparmışdı.
Qari Nevill Ten Haqın müdafiəsinə qalxdı
Elə bu arada, “Mançester Yunayted”in sabiq sağ cinah müdafiəçisi Qari Nevill “qırmızı şeytanlar”ın holland baş məşqçisi Erik ten Haqın müdafiəsinə qalxıb:
“Mən, beyni olub ən çox məhz Erik ten Haqa qəzəblənən bir “Yunayted” azarkeşi belə, tanımıram. Onların həqiqətən istədikləri sahibkar dəyişikliyidir. Onlar sabitlik istəyirlər və onlara öz işinə sadiq bir dəstə oyunçu gərəkdir.
Bununla belə, mən futbolçuların işinə sadiq olmadığını düşünmürəm. Məni sadəcə onların nə qədər yaxşı olduqları maraqlıdır. Bu, məni narahat edir”, – “Sky Sports” Qari Nevildən sitat gətirir.

5 turdan sonra “Mançester Yunayted” 2 qələbə və 3 məğlubiyyətdən sonra 6 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb, “qırmızı şeytanlar”ın top fərqi 6:10 nisbətindədir.
Premyer Liqada 5 oyundan mütləq nəticə – 15 xal əldə etmiş Xosep Qvardiolanın “Mançester Siti”si liderlik edir.


