Dünya çempionatı: Güləş millimizdən Olimpiadaya ilk lisenziya!

Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın daha 3 güləşçisi mübarizəyə qoşulub.

Alyona Kolesnik (59 kq) startda monqolustanlı Bolortuya Xurelxuuya 6:3 hesabıyla qalib gəlib. Lakin o, 1/4 finalda çinli Qi Janqa “tuş”la məğlub olub.

Hacı Əliyev (65 kq) ilk 2 mərhələdə çinli Şaohua Yuan (10:4) və avstraliyalı Georgi Okorokov (9:2) üzərində inamlı qələbə qazanıb. Ancaq monqolustanlı Tulqa Tumur Oçirlə görüş gərgin mübarizə şəraitində keçib. Millinin kapitanı sonuncu xal prinsipinə əsasən (3:3) rəqibini məyus edərək 1/4 finala yüksəlib. Hacı yarımfinalın bir addımlığında ermənistanlı Vazgen Tevanyana uduzub – 2:12.

Maqomedxan Maqomedov (97 kq) əvvəlcə serbiyalı Strahinya Despiçə heç bir şans tanımayıb – 7:0. Yığma üzvü türkiyəli İbrahim Çiftçini də 4:0 hesabıyla üstələyərək adını 1/4 finala yazdırıb. Bu mərhələdə almaniyalı Erik Tileyə “tuş”la qalib gələn Maqomedov yarımfinala adlayıb. Maqomedxan son Avropa çempionatının finalında məğlub olduğu gürcüstanlı Givi Matçaraşvilidən də revanş alıb – 6:1. Beləliklə, dünya çempionatının finalına yüksələn Maqomedov Paris Olimpiadasına lisenziya qazanan ilk güləşçimiz olub. Təmsilçimiz sabah həlledici görüşdə bəhreynli Axmad Tajudinovla qarşılaşacaq.

Xatırladaq ki, Belqraddakı dünya çempionatı sentyabrın 24-nə qədər davam edəcək. Azərbaycan yığmaları mundiala 26 güləşçi ilə yollanıb. l-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev də mundialda ədaləti qoruyanlar arasında yer alıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: