Luis Hamilton Felipe Massanın məlum iddiası barədə danışdı

“Mersedes”in britaniyalı pilotu, hazırda yeddiqat dünya çempionu Luis Hamilton Felipe Massanın iddiasına dair danışıb.

Arena.az bu barədə “Crash.net” dərgisinə istinadən məlumat verir.

Hamilton 2008-ci ildə keçirilmiş dünya çempionatın nəticələrinə yenidən baxmaq üçün iddia qaldırıb Beynəlxalq Avtomobil Federasiyasına (FIA) müraciət etmiş braziliyalı pilot Felipe Massanın niyyəti barədə fikirlərini bildirib. Massa 2008 mövsümündə Sinqapur qran-prisinin nəticələrinin ləğv edilməsi tələbi ilə Beynəlxalq Avtomobil Federasiyasına hüquqi qaydada müraciət məktub ünvanlayıb və bu yöndə fəaliyyət aparır.

“Əgər bu, Felipenin hərəkət etmək istədiyi istiqamətdirsə, onda bu, onun qərarıdır. İstər 15 il, istər 2 il, istərsə də 3 gün əvvəl olsun, mən keçmişə dayanmamağa üstünlük verirəm. Məni yalnız indiki vaxt maraqlandırır. Diqqətimi hər həftə komandama kömək etməyə yönəldirəm”, deyə Hamilton ümumiyyətlə bu məsələdə marağı olmadığını vurğulayıb.

Xatırladaq ki, “Reno”nun braziliyalı pilotu Kiçik Nelson Pike 2009-cu ildə komanda yoldaşı, ispan pilot Fernando Alonsonun qalib gəlməsi üçün qəsdən qəza törətdiyini etiraf etmişdi. Bu, pilotların şəxsi nəticələrinin yekununda Felipe Massanın mövqeyini itirərək, Luis Hamiltondan 1 xal geridə qalmasına və çempionluğu əldən verməsinə səbəb olmuşdu.

Həmin yürüşün – Sinqapur qran-prisinin nəticələri ləğv olunarsa, Massa 2008-ci il Formula 1 üzrə dünya çempionu olacaq.

Vurğulayaq ki, indi Luis Hamilton əfsanəvi alman pilot Mixael Şumaxerlə birlikdə Formula 1 üzrə yeddiqat dünya çempionu adını bölüşür. Titullarından birini itirərsə, Şumaxer vahid dünya rekordunu özündə saxlayacaq.

Massa məsələni çözməyi tələb edir. Əks halda o, FIA-nı və Formula 1-i məhkəmə ilə hədələyib. Massa məqsədinin dünya çempionu adına sahib olmasında deyil, ədalətin bərqərar olmasında olduğunu dəfələrlə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: