Canluici Buffon: “Yuventus” kimi rəqabətəqadir komandalar azdır”

“Yuventus”un sabiq qapıçısı Canluici Buffon “qoca sinyora”nın cari mövsümdə çempionluq imkanlarını qiymətləndirib.

Arena.az “Football Italia”ya istinadən Buffonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu mövsümdə hər şey azca daha tarazdır. Bir çox oyunçunun Səudiyyə Ərəbistanına getməsi ilə Avropa futbolu texniki cəhətdən bir qədər kasıblayıb, amma ümumilikdə azca daha taraz görünür. “İnter” və ya “Milan” öz güclərinin zirvəsində olanda hamıya, hətta “Mançester Siti”yə və ya “Real”a qalib gələ bilərlər.

Düşünürəm ki, “Yuventus” hətta keçən mövsümdə də çempionluq uğrunda mübarizə apara bilərdi, amma onda bunu mümkünsüz etmiş fəsadlar ortaya çıxdı. Onların bu mövsüm heç bir avrokubok qayğısı yoxdur və mən “Yuventus” qədər rəqabətəqadir çox komanda da görmürəm. Əlbəttə, “İnter”in keyfiyyətləri çoxdur, amma “neradzurri”nin başqa rəqibləri də var”, deyə Buffon bildirib.

Xatırladaq ki, avqustun 2-də Buffon futbolçu karyerasına xitam verdiyini bəyan etmişdi. “Parma”nın yetirməsi olan qolkiperin futbol aləmində tanınması elə bu klubdakı çıxışı ilə bağlıdır (1995-2001). Ardınca istedadlı qapıçı “Yuventus”a keçib və bir qapıçı kimi yüksək səviyyəyə tərəqqi edərək ən güclülərdən birinə çevrilib. 2001-2018-ci illərdə “qoca sinyora”nın heyətində çıxış etmiş Buffon, 2018-2019 mövsümünü PSJ-də keçirib və yenidən Turinə qayıdaraq daha iki il “Yuventus”da çıxışını davam etditib (2019-2021). 2021-2023-cü illər Buffon üçün xüsusilə əlamətdardır. O, doğma klubu “Parma”ya qayıdaraq, komandanın A Seriyasına çıxması üçün böyük səylə çalışsa da, son anda bu imkanı əldən verib.

Buffon “Yuventus”la 10 dəfə İtaliya çempionu olub, 5 dəfə İtaliya Kubokunu, 6 dəfə İtaliya Super Kubokunu qazanıb. Maraqlıdır ki, əfsanəvi qapıçı Çempionlar Liqasını qazanmağa üç dəfə yaxın olsa da, hər dəfə gümüş medalla kifayətlənməli olub (2003, 2015, 2017). Canluici Buffon 2006-cı ildə İtaliya yığmasının heyətində Dünya Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: