Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, mundialın dördüncü və beşinci yarış günlərində digər qadın güləşçilərimiz mübarizəyə qoşulublar. Lakin onların hamısı uğursuz çıxışı ilə diqqət mərkəzinə düşüblər.
Mariya Stadnik (50 kq) kubalı Yusneylis Quzmana (7:2) və rusiyalı Polina Lukinaya qalib gəlsə də, 1/4 finalda amerikalı Sara Hildebrantla bacarmayıb – 3:14.
Jalə Əliyeva (57 kq) kolumbiyalı Andrea Qonzales (7:2) və meksikalı Alma Valensiyanı (tuş) mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəlib. Ancaq amerikalı olimpiya və 3 qat dünya çempionu Helen Maroulis keçilməz olub – 3:8.
İlk dəfə böyüklər arasında dünya çempionatına qatılan Birgül Soltanova (65 kq) 1/8 finalda türkiyəli Kadriye Aksoya “tuş”la məğlub olub.
Elnurə Məmmədova (53 kq) debütdə rumıniyalı Andrea Anaya 1:9 hesabıyla məğlub olub.
Elis Manolova (62 kq) isə təsnifat mərhələsində venesuelalı Natali Qrimana uduzub – 1:3.
Xatırladaq ki, daha öncə Alyona Kolesnik (59 kq) də startda monqolustanlı Bolortuya Xurelxuuya 6:3 hesabıyla qalib gəlməsinə rəğmən, 1/4 finalda çinli Qi Janqa “tuş”la məğlub olmuşdu. Təmsilçimiz təsəlliverici görüşdə macarıstanlı Tamara Dollakı vaxtından əvvəl mübarizədən kənarlaşdırmağa nail olsa da (10:0), bürünc medal uğrunda qarşılaşmada amerikalı Cenifer Rocersə “tuş”la uduzmuş və 5-ci yeri tutmuşdu.
Yunan-Roma güləşçilərimizin ilk rəqibləri müəyyənləşdi
Belqraddakı dünya çempionatı sentyabrın 24-nə qədər davam edəcək. Azərbaycan yığmaları mundiala 26 güləşçi ilə yollanıblar. Onların arasında hələlik iki sərbəst güləşçimiz – Maqomedxan Maqomedov və Osman Nurməhəmmədov dünya ikincisi olublar. Sabah – sentyabrın 21-dən etibarən isə yunan-roma güləşçilərimiz mübarizəyə başlayacaqlar. Bu gün güləşin bu növü üzrə yarışın püşkü atılıb və azərbaycanlı güləşçilərin də rəqibləri müəyyənləşib:
55 kq
1/8 final
Eldəniz Əzizli – Tayqa Onişi (Yaponiya)
60 kq
1/16 final
Nihat Məmmədli – Kevin De Armas (Kuba)
63 kq
1/8 final
Murad Məmmədov – Xavyer Conson (ABŞ) / Vikram Kurade (UWW)
67 kq
1/16 final
Həsrət Cəfərov – Edson Qutyer (Meksika)
72 kq
1/8 final
Ülvü Qənizadə – Ankit Gulia (UWW) / Hovard Yorgensen (Norveç)
77 kq
Təsnifat mərhələsi
Sənan Süleymanov – Conni Sarkkinen (Finlandiya)
82 kq
1/8 final
Rafiq Hüseynov – Erik Şilvassi (Macarıstan) / Bojo Starçeviç (Xorvatiya)
87 kq
Təsnifat mərhələsi
İslam Abbasov – Viorel Burduya (Moldova)
97 kq
1/16 final
Arif Niftullayev – Mindauqas Venkaytis (Litva)
130 kq
Təsnifat mərhələsi
Beka Kandelaki – Yakobi Kajaya (Gürcüstan)
Sabah 55, 77, 82 və 130 kq-da yer alan güləşçilər mübarizə aparacaq.


