Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Həsrət Cəfərov (67 kq) Paris 2024 Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, o, buna Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş güləş üzrə dünya çempionatında nail olub.
Yarışın 8-ci günündə yunan-Roma güləşi üzrə son 3 çəkidə mübarizəyə start verilib.
Həsrət Cəfərov (67 kq) əvvəlcə meksikalı Edson Qutyerə heç bir şans tanımayıb – 8:0. İstedadlı pəhləvanımız 1/8 finalda macarıstanlı İştvan Vançanın öhdəsindən gəlib – 5:1. Cəfərov 1/4 finalda iranlı olimpiya və dünya çempionu Məhəmməd Rza Gerayi ilə qarşılaşıb. Titullu rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Həsrət 2 il əvvəlki məğlubiyyətin revanşını alıb. Milli üzvü yarımfinalda isə gücünü ermənistanlı Slavik Qalstyana göstərib – 5:3. Beləliklə, karyerasında ilk dəfə dünya çempionatının finalına yüksələn Cəfərov həm də ölkəmizə olimpiya lisenziyası qazandırıb. Həsrət finalda Tokio Olimpiadasında 60 kq-da qızıl medal qazanmış kubalı Luis Sançeslə güləşəcək.
Mübarizəyə 1/8 finaldan qoşulan Murad Məmmədov (63 kq) amerikalı Xavyer Consona və ermənistanlı Qraçya Poqosyana 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında serbiyalı Georgi Tibilovla qarşılaşan Məmmədov 4:1 hesablı qələbəyə sevinib. Murad həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə qarşılaşacaq.
İslam Abbasov (87 kq) moldovalı Viorel Burduyaya 5:1 hesabıyla qalib gələrək 1/16 finala yüksəlib. Güləşçimiz əlcəzairli Baxir Sid Azaranı isə sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. Ancaq 1/8 finalda macarıstanlı David Losontsi ilə bacarmayıb – 0:8. Rəqib finala yüksəldiyi üçün Abbasov sabah qırğızıstanlı Azat Salidinovla təsəlliverici görüşə çıxacaq.
Bu çəkilərdə təsəlliverici və medallar uğrunda görüşlər sabah keçiriləcək.
Sonda onu da xatırladaq ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) da olimpiadaya lisenziya qazanmışdılar.


