“Səbail” komandası futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə ardıcıl 4-cü qələbəsinə imza atıb.
Arena.az xəbər verir ki, “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən Şahin Diniyevin yetirmələri 7-ci turda “Araz-Naxçıvan”ı da xalsız qoyub – 1:0.
Bu, klub tarixində yeni rekorddur. Premyer Liqada 2017/2018 mövsümündə debüt edən bakılılar buna qədər heç vaxt ardıcıl 4 qələbə qazanmayıb.
“Səbail” həm də cari mövsümün bütün oyunlarında qol vuran yeganə komandadır. Bakılılar startda ardıcıl 7 oyunda meydanı qolsuz tərk etməməklə klub tarixinin rekorduna imza atıblar. Əvvəlki rekord 3 il öncə qeydə alınıb. 2020/2021 mövsümündə “dənizçilər” ilk 6 turda qol sevinci yaşayıblar.
Paytaxt təmsilçisi ilk 7 turdakı xal və qol sayında da öz rekorduna imza atıb. Sözügedən komanda bu matçlarda 13 xal toplayıb. Paytaxt təmsilçisi 2018/2019 və 2019/2020 mövsümlərində bu qədər oyunda 10 xal yığmağı bacarmışdı. Komandanın 7 oyunda 12 qol vurması da klub tarixində yeni rekorddur.


