Azərbaycanlı basketbolçu, gənclərdən ibarət milli komandamızın üzvü olan Hüseyn Qaflanov sentyabrın 28-də ABŞ-a yollanacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, gənclərdən ibarət millimizin üzvü Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə karyerasını daha yüksək səviyyədə davam etdirmək üçün Amerikaya göndərilib.
Gənclərdən ibarət yığmanın baş məşqçisi Tahir Baxşıyevin kəşfi sayılan 15 yaşlı idmançı bir il müddətində Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq. Hüseyn Qaflanov burada basketbol üzrə hazırlıq kurslarını keçəcək.
Hazırlıq prosesində 210 santimetr boya malik Hüseyn Qaflanova peşəkar yerli mütəxəssislər tərəfindən elit bacarıq təlimləri keçiriləcək. Bununla yanaşı, ona atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaq.


