Ahmed Hassan “Pendikspor”a, Ola Solbakken “Olimpiakos”a

Futbol üzrə Misir yığmasının və Yunanıstanın “Olimpiakos” klubunun hücumçusu Ahmed Hassan “Pendikspor”a keçib.

Arena.az xəbər verir ki, 30 yaşlı forvard Super Liqa təmsilçisinə azad agent kimi cəlb olunub.

Onunla 1 illik müqavilə imzalanıb. Misirli hücumçu 2024-cü ilin 30 iyununa kimi “Pendikspor”un uğurları üçün çalışacaq.

Ahmed Hassan 2018-ci ildən “Olimpiakos”da olsa da, son iki mövsümü Türkiyə klublarında icarədə keçirib. O, 2021/2022 mövsümündə “Konyaspor”da, ötən mövsüm isə “Alanyaspor”da forma geyinib. Təcrübəli forvard Yunanıstan nəhəngində 97 oyuna çıxıb, 38 qol vurub, 7 məhsuldar ötürmə edib. O, daha öncə Portuqaliyanın “Braqa” və “Rio Ave” klublarında da forma geyinib. Hassan Misir yığmasında 31 oyun keçirib, 6 qola imza atıb.

Yeri gəlmişkən, Norveç yığmasının və İtaliyanın “Roma” klubunun sağ cinah vingeri Ola Solbakken də “Olimpiakos”a keçib. Yunanıstan klubu 25 yaşlı hücumçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

“Roma” Ola Solbakkeni bu ilin yanvar ayında azad agent kimi heyətinə qatmışdı. Futbolçunun A Seriyası təmsilçisi ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var. Norveç yığmasının üzvü “canavarlar”ın heyətində cəmi 15 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Ola Solbakken daha öncə “Bodo Qlimt”, “Ranheym”, “Rusenborq” kimi klublarda forma geyinib. O, Norveç millli komandasında da 10 oyuna çıxıb, 1 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: