“Barselona”nın sabiq agenti Maradona ilə bağlı xatirəsini paylaşdı

“Barselona”nın sabiq agenti Xosep Mariya Minquella Argentina yığmasının əfsanəvi hücumçusu Dieqo Maradona ilə bağlı xatirəsini paylaşıb.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Minquella Maradonanı Kataloniya komandasına necə dəvət etdiyini xatırlayıb. Keçmiş agentin sözlərinə görə, “Arxentinos Xuniors”un sabiq prezidenti Dominqo Tesone ilə apardığı danışıqlar onu xüsusilə heyran edib:

“Maradonanın topa toxunma tərzinə aşiq oldum və başa düşürdüm ki, nəyin bahasına olursa olsun, onu “Barselona”ya gətirməliyəm.
Prezident Tesone danışıqlar zamanı mənə dedi: “Ümid edirəm ki, öz silahımı masanın üstünə qoysam, etiraz etməzsiniz. Onu sadəcə daşımaq ağırdır”, deyə Minquella xatırlayıb.

Maradona “Barselona”da 1982-1984-cü illərdə çıxış edib. Əfsanəvi Dieqo Kataloniya komandasının heyətində 58 oyun keçirib, 38 qol vurub, 20 məhsuldar ötürmə verib. Don Dieqo “Barselona” ilə İspaniya Liqa Kubokunun (1982/1983), İspaniya Kral Kubokunun (1982/1983) və İspaniya Super Kubokunun (1983/1984) qalibi olub. Əfsanəvi argentinalı bu gün də “Barselona”nın ən böyük siması olaraq qalır.

Maradona futbolçu karyerası boyunca “Arxentinos Xuniors” və “Barseona”dan başqa, “Boka Xuniors”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz”da çıxış edib.

Dieqo 1977-ci ilin fevralında debüt etdiyi Argentina yığmasının heyətində 91 oyun keçirib, 34 qol vurub, 20 məhsuldar ötürmə verib. Don Dieqo 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında Argentina yığmasını, dövrün təbirincə desək, təkbaşına dünya çempionu edib. Həmin turnirin çərək finalında Maradonanın İngiltərə yığmasının qapısına qapıçı qarışıq heyətin tam yarısını driblinqlə keçərək vurduğu qol, dünya çempionatlarının ən gözəl qollarından biri hesab edilir. Maradona həmin turnirin ən yaxşı futbolçusu seçilib.

Maradona 2008-2010-cu illərdə Argentiina yığmasını çalışdırsa da, uğurlu nəticə əldə edə bilməyib.

Don Dieqo 2020-ci ilin noyabr ayının 25-də səhhətindəki fəsadlar səbəbilə müalicə aldığı xəstəxanada qəfildən vəfat edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: