Əslən Kamerundan olan fransalı mərkəz müdafiəçisi Silven Deslandes bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
26 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalandığı diqqətə çatdırılıb. O, yeni komandasınnda 3 nömrəli forma ilə çıxış edəcək.
Silven Deslandes peşəkar karyerasına Fransanın “Kan” klubunda başlasa da, sonradan İngiltərədə “Vulverhempton”, “Beri”, “Portsmut” kimi klublarda forma geyinib. İspaniyada “Xumilya”, Rumıniyada “Arceş” kimi klubların da uğurları üçün çalışmış müdafiəçinin sonuncu iş yeri “Debretsen” olub. O, 2021-ci ilin yayından formasını geyindiyi Macarıstan klubundan bu ilin yayında azad agent kimi ayrılmışdı. Deslandes Fransanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Səbail” bu yay Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqasi, Pana, Pedro Nuno, Aleksandr Ramalinqom, Adi Mehremiç və Anass Najah kimi futbolçuları da heyətinə qatmışdı. Vüqar Həsənov, Cabir Əmirli və Samir Abdullayevlə isə yeni müqavilə imzalanıb. Elmir Tağıyev də “Kəpəz”ə icarəyə verilib. Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayev isə komandanı tərk ediblər.
Bu mövsüm Azərbaycan Premyer Liqasında uğurlu çıxış edən “Səbail” 7 turdan sonra 13 xalla 2-ci pillədə qərarlaşıb.


