Joze Mourinyo antirekorda imza atdı, uğursuz startdan danışdı

“Roma”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo məşqçilik karyerasında mövsümün ən uğursuz debütünü yaşayır.

Arena.az məlumat verir ki, sentyabrın 28-də İtaliya A Seriyasının 6-cı turunun “Cenoa” – “Roma” oyunu Genuya təmsilçisinin 4:1 hesablı gözlənilməz qələbəsi ilə başa çatıb.

“Roma”nın hazırda A Seriyası çərçivəsində keçirdiyi 6 oyundan 5 xalı var və “canavarlar” turnir cədvəlində 16-cı yerdə qərarlaşıblar. “Roma” 1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət yaşayıb, top fərqi isə 13:11 nisbətindədir.

Jurnalist Alfredo Pedullanın araşdırmalarına görə, bu, Mourinyonun məşqçilik karyerasında ən uğursuz debütüdür. Onun əvvəlki antirekordu 2015/2016 mövsümündə qeydə alınıb. Portuqal mütəxəssisin o vaxt çalışdırdığı “Çelsi” İngiltərə Premyer Liqasında ilk 6 oyunda 7 xal toplamışdı.

Joze Mourinyo düşdüyü uğursuzluq zolağına dair açıqlama verib:
“Bu, karyeramda ən pis başlanğıcıdır, bəli. Amma eyni zamanda, görünür, “Roma” tarixində ilk dəfə ardıcıl iki avrokubok finalında çıxış edib. Bizim, ağlamağa vaxtımız yoxdur. İçimizdə ağlaya bilərik, çünki bütün bunlar ürəyimizi ağrıdır, xüsusən də mənim, “Roma” azarkeşləri ilə əlaqəmi nəzərə alaraq. Amma sabah biz işə qayıdacağıq. Növbəti oyun da üç xal gətirə bilər, yeddi və ya səkkiz yox, amma bu, bizim üçün çox vacibdir”.

Xatırladaq ki, 60 yaşlı Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Bu müddətdə “Mour” paytaxt klubunu tarazlamağa macal tapıb və komandanı yenidən qurararaq, ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar (1:1, 1:4).

Joze Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: