PSJ-nin prezidenti Nasser Əl-Xelaifi İspaniya çempionu “Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski haqqında danışıb.
Arena.az bu barədə Polşanın “Meczyki” dərgisinə istinadən məlumat verir:
“Mənim siyasətim PSJ-də olmayan oyunçular və baş verəcək və ya baş verməli transferlər haqqında danışmamaqdır. Lakin Robertin fenomenal hücumçu olduğu heç kimə sirr deyil. Dünyanın hər bir klubu hansısa mərhələdə onunla müqavilə imzalamaq barədə düşünüb.
Amma hazırda Robert “Barselona”nın oyunçusudur və mən buna hörmət edirəm. Hamı onunla fəxr etməlidir. Dünyada az qala hər oyunda qol vuran bombardirlər elə də çox deyil.
O, qol vurmaq üçün maşındır və sadəcə əla oğlandır. Onun haqqında yalnız yaxşısını deyə bilərəm”, deyə Nasser Əl-Xelaifi Levandovskini tərifləyib.
Vurğulayaq ki, Əl-Xelaifinin bu çıxışı polyak ulduzun tezliklə PSJ-yə keçə biləcəyi haqda kütləvi informasiya vasitələrində maraq doğurub.
Xatırladaq ki, Robet Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Robert Levandovski “Barselona”nın heyətində 46 oyuna çıxıb, 33 qol vurub, 8 məhsuldar ötürmə verib. Yenicə başlamış cari mövsümdə isə polyak hücumçu 9 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə verib.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava), “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 144 oyun keçirib, 81 qol vurub, 31 məhsuldar ötürmə verib. Hər iki göstərici üzrə Levandovski Polşa yığmasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 35 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.


