“Red Bull” komandasının holland pilotu Maks Ferstappen yeddiqat dünya çempionu, alman pilot Mixael Şumaxerlə müqayisələrə cavab verib.
Arena.az “RacingNews365” portalına istinadən məlumat verir ki, Ferstappen başqasının uğurunu təkrarlamağa çalışmayacağını vurğulayıb.
Xatırladaq ki, daha əvvəl sabiq alman pilot Sebastyan Fettel Ferstappenin adının Şumaxer və digər möhtəşəm pilotlarla eyni səviyyədə olmasına layiq olduğunu bildirmişdi.
“Heç vaxt doğrudan-doğruya kiminsə pərəstişkarı olmamışam. Mən hər kəsin uğuruna və töhfəsinə hörmətlə yanaşıram. Öz-özümə dedim: “Mən bir gün orada olmaq, podiumda dayanmaq və ya yürüşlərdə qalib olmaq istəyirəm”.
Amma düşünürəm ki, bütün adamlar fərqlidirlər. Hər kəsin Formula 1-də öz yolu və fərqli tərbiyəsi var. Bir çox amillər mövcuddur və bu, gözəldir. Formula 1-də hər kəs fərqlidir, çünki hamı eyni olsaydı, düşünürəm ki, bu, çox darıxdırıcı olardı.
Əlbəttə, bəzi böyük insanların uğurları heyrətamizdir. Ola bilər ki, siz bundan bir qədər ilham əxz edə bilərsiniz, amma əgər siz mənim nə demək istədiyimi başa düşürsünüzsə, mən eyni şeyi təkrarlamağa cəhd etməzdim.
İstənilən halda dünya hər dəfə dəyişir, elə deyilmi? Hər dövr fərqlidir, bunu da nəzərə almaq lazımdır”, deyə Maks Ferstappen heç kimlə müqayisə olunmaq fikrində və istəyində olmadığını bildirib.


