Azərbaycanın kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) komandası ilk dəfə mübarizə aparacağı Çağırış Kubokuna Polşada hazırlaşır.
Arena.az xəbər verir ki, avrokubokda debüt edəcək Şuşa təmsilçisi oktyabrın 11-nə kimi Polşada təlim-məşq toplanışında olacaq.
Azərbaycan təmsilçisi burada yerli komandalarla bir neçə yoxlama oyununda gücünü yoxlayacaq.
“Xarı Bülbül” beynəlxalq arenada ilk qarşılaşmasına oktyabrın 25-də çıxacaq. Çağırış Kubokunun 1/32 final mərhələsi çərçivəsində Slovakiyanın “Spartak” (Miyava) klubu ilə görüş Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq. Matç saat 18:00-da başlayacaq.
Bu klublar arasında razılığa əsasən, Miyava təmsilçisi Şuşa klubu ilə cavab oyununa da Bakıda çıxacaq. Slovakların nominal ev sahibi olacağı görüş oktyabrın 26-da, saat 18:00-da start götürəcək.


