Boban Mitev: “Qələbəmizi Azərbaycan basketboluna həsr edirik”

Basketbol üzrə Azərbaycan çempionu “Sabah”ın baş məşqçisi Boban Mitev Niderlandın “Donar” komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təmsilçimiz bu gün FİBA Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.

A qrupunun oyunları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunub. Azərbaycan çempionu ilk sınağında Qroningen “Donar”ı ilə qarşılaşıb və 75:72 hesablı qələbəyə sevinib.

Boban Mitev oyundan sonra bunları söyləyib:

“İlk növbədə həmkarım və sabiq oyunçum Andrey Ştimaçı yaxşı komanda formalaşdırdığına görə təbrik edirəm. Onlar həqiqətən yaxşı oyun sərgilədilər. Oyunçularımı və mənə bu klubda işləmək imkanı yaradan insanları təbrik edirəm, onlara təşəkkürümü bildirirəm. Qələbəmizi Azərbaycan basketboluna həsr edirik. 18 ildən sonra avrokuboklara qatıldıq və ilk qələbəmizi qazandıq.
Oyuna gəldikdə biz yeni komandayıq. Yeni komanda qururuq. Ümid edirəm ki, tədricən daha yaxşı oyun sərgiləyəcəyik. Növbəti oyunumuz “Rabotniçki”yə qarşı olacaq. Şanslar bərabərdir”.

Xatırladaq ki, “Sabah” 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edən ilk komandadır. Azərbaycan çempionu bu qrupda “Rapid” (Buxarest, Rumıniya) və “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə də qarşılaşacaq. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Azərbaycan təmsilçisi qrupdakı ikinci oyununu sabah – oktyabrın 3-də yerli “Rabotniçki”yə qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: