Ötən gün Premyer Liqanın 9-cu turu çərçivəsində “Sabah”la qarşılaşan “Araz-Naxçıvan” oyundan sonra 3 günlük istirahətə buraxılıb.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, futbol üzrə Azərbaycan milli komandasının Estoniya və Avstriya yığmaları ilə keçirəcəyi oyunlarla əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən klub futbolçularına 3 günlük istirahət verib. Komanda üzvləri oktyabrın 11-də toplaşacaq və məşqlərini Bakıda davam etdirəcək.
Naxçıvan təmsilçisi oktyabrın 14-də yoldaşlıq oyunu da keçirəcək. Azər Bağırovun rəhbərlik etdiyi komanda “Turan Tovuz”la qarşılaşacaq. Görüşün keçiriləcəyi məkan və başlama saatı barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” ilk dövrənin son turu çərçivəsində qarşılaşdığıı “Sabah”la oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Mövsümə çox uğurlu başlamış naxçıvanlılar hazırda 14 xalla 4-cü pillədə qərarlaşıblar.


